Nazir müavini: "Türkiyə dünyada turizm təbliğatını ən yaxşı aparan ölkədir"

Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib ki, Türkiyə dünyada təbliğat sahəsində hər növ platformadan ən səmərəli və ən doğru şəkildə istifadə edən, turizmin təbliğatını ən yaxşı aparan ölkədir.

Nazir müavini: "Türkiyə dünyada turizm təbliğatını ən yaxşı aparan ölkədir"
Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan

Antalyanın Serik rayonundakı Belek Turizm Mərkəzində Akdeniz Turizm Otel İşlədiciləri Birliyinin (AKTOB) avqust iclasında çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alpaslan bildirib ki, Türkiyə dünyada təbliğat sahəsində hər növ platformadan ən səmərəli və ən doğru şəkildə istifadə edən, turizmin təbliğatını ən yaxşı aparan ölkədir. 

Resorting.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir müavini turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Türkiyənin turizm sahəsində hədəfləri daha böyükdür.

Alpaslan 2018-ci ildə Türkiyədə turizmin strateji sektor elan edildiyini, bunun da turizmin inkişafı üçün bütün imkanların səfərbər edilməsi mənasına gəldiyini deyib. Sektorun çox həssas olduğunu və xarici faktorlardan da təsirləndiyini vurğulayan nazir müavini, rəqib ölkələrin də böyük yatırımlar etdiyini qeyd edib.

Alpaslan bildirib ki, Türkiyə turizm sahəsində rəqabət qabiliyyətini gücləndirmək üçün işləri davam etdirir: “Bazar payımızı artırmaq üçün dünyadakı bazar müxtəlifliyini nəzərə alırıq. Turizm Təşviq Agentliyinin (TGA) fəaliyyəti sayəsində dünyada ən yaxşı təbliğat aparan ölkələrdən birinə çevrildik. Bu mənada bütün imkanlardan ən doğru yerlərdə, doğru zamanda və doğru qaynaqlarla istifadə edirik. Bütün məlumatlar bunu sübut edir”.

AKTOB sədri Kaan Kaşif Kavaloğlu isə iqlim dəyişikliklərinin turizmə birbaşa təsir etdiyini qeyd edib. O, xüsusilə aprel-may aylarında qiymət artımını tarazlıqda saxlamaq və qiymət üstünlüyünü itirməmək lazım olduğunu bildirib.

Kavaloğlu bu il üçün Antalyada 17 milyon turist hədəfinə paralel irəlilədiklərini və şəhərə gələn xarici turist sayının 10 milyonu keçdiyini qeyd edib. Həmçinin sentyabr ayı üçün rezervasiyaların ümidverici olduğunu əlavə edib.